Toyuq Çığırtması

Toyuq Çığırtması

Porsiyalar
4-6 porsiya üçün nəzərdə tutulub
TƏRKİBİ

    3 xörək qaşığı bitki yağı
    2 xörək qaşığı kərə yağı
    1 iri baş yarım-halqalara doğranmış soğan
    1 kilo tikələrə bölünmüş toyuq əti (mən sümüksüz bud ətindən istifadə edirəm.Təxminən 10 tikə olmalıdır)
    1 çay qaşığı duz
    1/4 çay qaşığı istiot
    xırda doğranmış iri yetişmiş pomidor
    3 yüngülvari çalınmış yumurta
    zövqə görə doğranmış keşniş

Çığırtma sözü Azərbaycan mətbəxinə yad deyil. O qədər çığırtma növümüz var ki. İspanaq Çığırtması, Pomidor Çığırtması, Kartof Çığırtması, Badımcan Çığırtması, Qiyma Çığırtma və sairə.  Bu yeməkləri birləşdirən odur ki, hamısının üzərinə ən axırda çırpılmış yumurta tökülüb bişirilir.  Toyuq Çığırtması belə yeməklərdən biridir. Çox ləzzətli olur. Bu yeməyin bişirmə üsulu şəhərdən şəhərə, rayondan rayona, hətta ailədən ailəyə bir az da olsa dəyişir.

QEYD1: Əgər pomidorlarınız yaxşı yetişmiş ve sulu deyilsə, onda yarım stəkan qaynar suda 1 xörək qaşığı tomat yumuşaldın və pomidorlarla bərabər yeməyə əlavə edin.

QEYD 2: Bu yemək sobada bişirilib birbaşa süfrəyə də verilə bilər. Bunun üçün yumurtanı əlavə etməzdən əvvəl yeməyi soba qabına boşaldıb üzərinə yumurta əlavə edib 200C dərəcəlık sobada yumurta bərkiyənə qədər bişirin. Sonra Çığırtmanı elə o qabdaca süfrəyə verin.

1. Tavada 2 xörək qaşığı bitki yağı qızdırın və soğanı əlavə edib təxminən 10 dəqiqə qızardın. Qızarmış soğanı ayrı qaba boşaldıb,  qabı kənara qoyun.

2. Qalan bitki yağını və kərə yağını soğanı qızartdığınız tavada qızdırın. Qeyd: Ərinmiş yağdan istifadə edirsinizsə, onda bitki və kərə yağının yerinə 3 xörək qaşığı  ərinmiş yağ istifadə edin. Yağa toyuq tikələrini əlavə edib hər iki tərəfini yaxşıca qızardın.

3. Toyuğa duz və istiot vurun. Üztünə qızarmış soğanı,  doğranmış pomidoru da əlavə edin. Tavanın qapağını örtün və yeməyi arada qarışdıraraq orda odda təxminən 25 dəqiqə ərzində toyuq əti yumuşalana qədər bişirin.

4. Çalınmış yumurtaları toyuğun üzərinə tökün. Tavanın qapağını örtün və yeməyi yumurta bir az bərkiyənə kimi (təxminən 5-7 dəqiqə çəkir) bişirin. Bu müddət ərzində tavanı qarışdırmayın! Toyuq Çığırtmasını süfrəyə verməzdən əvvəl üstünə zövqə görə doğranmış keşniş səpin. Çörək və ya plovla yeyin.

NUŞ OLSUN!

Resepti bəyənirsən? Bunu dostlarınızla bölüşün!

Oxşar reseptlər



773