Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qaraqınıq toxumları dörd ədəd olmaqla, qəhvəyi olur və kasacıqda yerləşir. Çiçəklər iyul-avqust aylarında açır, avqust-sentyabr aylarında isə toxumlar əmələ gəlir. Qaraqınıq toxum və vegetasiya yolu ilə çoxalır. Qaraqınıq MDB ölkələrində, Qafqazda, Qərbi və Şərqi Sibirdə,Orta Asiya ölkələrində və Qazağıstanda daha geniş yayılıb. Qaraqınıq kütləvi şəkildə, quru torpaqlarda, meşəlik və düzənlik ərazilərdə bitir. Qaraqınıq az kalorilidir. Ondan dəmlənmiş çayın 100 qramında 27 kKal var. O dietik qida sayılır.
100 qram qaraqınığın tərkibində olan qida dəyəri:
- Zülallar - 1,5 qr
- Yağlar - 0
- Karbohidratlar - 5 qr
- Su - 90 qr
- Kalori - 27 kKal.
Qaraqınığın tərkibində 1% efir yağları, fenol, timol və onların izomer birləşmələri, trisiklik seskviterpen, tanin maddələr, piqmentlər, askorbin turşusu və s. var. Qaraqınığın çiçəklərində 166 mq%, yarpaqlarında 565 mq%, saplaqlarında isə 58 mq% askorbin turşusu var. Qaraqınıq güclü antioksidant təsirə malikdir. Qaraqınıq orqanizmə sakitləşdirici təsir göstərir. Qaraqınıq dəmləməsi mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, mədə-bağırsaq sisteminin işini normallaşdırır, bağırsaqların peristaltikasını yaxşılaşdırır, ödqovucu, iltihab əleyhinə və sidikqovucu təsir göstərir. Qaraqınıqdan hazırlanan preparatları nevrozlar, isteriyalar, yuxusuzluq, epilepsiya, hipertoniya, atereskleroz, klimakterik şikayətlər, mədə-bağırsaq spazmları, xroniki qastritlər, mədə və onikibarmağın yara xəstəliyi, qaraciyər, öd kisəsi xəstəlikləri zamanı təyin edirlər.
Bolqarıstanda qaraqınıq bitkisinin, çiçəklənən zaman torpaqda qalan hissəsini yığıb, fitoterapiyada istifadə edirlər. Qaraqınıq kökü mədə-bağırsaq spazmlarında, əsəbləşmə zamanı, aybaşı ağrılarında, cinsi oyanmaları sakitləşdirmək, sarılıq və qaraciyər xəstəlikləri zamanı istifadə edilir. Ondan tünd və isti dəmlənmiş çay orqanizmə tərlədici təsir göstərir. Qaraqınıq dəmləməsi ilə vanna etdikdə ekzema, dəri yaraları qısa müddətdə sağalır. Bunun üçün 100 qram quru qaraqınıq otunu 2 litr suda qaynadıb vannadakı suya əlavə eləmək lazımdır.
Bronxitlər, pnevmoniyalar, bronxhektaziyalar, bronxial astmalar zamanı qaraqınıq dəmləməsi tərlədici, bəlğəmgətirici, öskürəkkəsici təsir göstərir. Bunun üçün 2 xörək qaşığı xırdalanmış qaraqınıq otunu 2 stəkan qaynar suda dəmləyib, 3 hissəyə bölərək yeməkdən əvvəl gündə 3 dəfə içmək lazımdır.
Epilepsiya xəstəliyi zamanı 3 il müddətinə fasilələrlə qaraqınıq dəmləməsi içmək məsləhət görülür. Bu zaman 2 xörək qaşığı qaraqınıq otunu yarım stəkan qaynar suda 2-3 saat dəmləyib içmək lazımdır.
Xalq təbabətində qaraqınıq otundan raxit, qızılca, qaşınma, yaralanma və digər müxtəlif dəri xəstəlikləri zamanı vannalar, kompreslər tətbiq edilir.
Soyuqlama və baş ağrıları zamanı qaraqınıq çiçəklərini iyləmək xəstəliyin əlamətlərini azaldır.
Qaraqınıq dəmlənmiş su ilə saçları yuduqda saçlar kəpəkdən xilas olur və tökülmənin qarşısı alınır.
Qaraqınıq otundan şampunların, sabunların hazırlanmasında geniş istifadə edilir.
Qaraqınıq bal verən bitkidir. O dekorativ bitki sayılır və ətrindən bir çox parfümeriya vasitələrinin hazırlanmasında istifadə edilir.
Qaraqınıq otunun zərərli xüsusiyyətləri
Hamiləlik zamanı qaraqınıq dəmləməsi içmək məsləhət görülmür. O uşaqlıq duvarında spazmların əmələ gəlməsinə səbəb ola bilir. Bu isə uşaqsalmaya səbəb ola bilər. Həddindən çox qaraqınıq dəmləməsi içmək kişilərdə cinsi zəifliyin meydana çıxnasına səbəb ola bilir. Mədə turşuluğunun çox olduğu zamanlarda və mədə-bağırsaq yaraları zamanı qaraqınıq dəmləməsi xəstəliklərin əlamətlərini artıra bilir. Yüksək təzyiqdən əziyyət çəkənlərə qaraqınıq yağı qəbul eləmək və ya iyləmək məsləhət görülmür.
Qaraqınıq
Xalq təbabəti